Aygün Orucova
Haqqında
Aygün Əhməd qızı Orucova 13 dekabr 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Xətai kəndində anadan olmuşdur.
1989-1996-cı illərdə Azər Tağıyev adına Xətai kənd (indiki 17 saylı) orta məktəbində, 1996-2000-ci illərdə Xanım Qızlar Pansionunda (indiki Qızlar liseyi) orta təhsil almışdır. 2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını, 2004-2006-cı illərdə isə həmin universitetin magistratura şöbəsini Azərbaycan ədəbiyyatı ixtisasını fərqlənmə ilə bitirmişdir.
2005-ci ildən Naxçıvan şəhər 14 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 2006-cı ildən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində böyük laborant kimi işə başlamış, hazırda həmin şöbədə aparıcı elmi işçi vəzifəsində çalışır.
2006-2010-cu illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin qiyabi doktorantı olmuşdur. 2014-cü ildə “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı fəlsəfə doktorluq dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi (2015), 2019-cu ildə dosent elmi adına layiq görülmüşdür. AMEA Naxçıvan Bölməsinin elmlər doktorluğu üzrə doktoranturasını 2024-cü ildə bitirmişdir.
İki monoqrafiya və 150-dən çox elmi məqalə və beynəlxalq konfrans materialının müəllifidir.