Nəşrlər
Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” adlı kitabı çap olunub
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” adlı fundamental monoqrafiya çapdan çıxıb. 405 səhifədən ibarət olan bu genişhəcmli kitabın elmi redaktoru tarix elmləri doktoru Ədalət Qasımov, rəyçiləri AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və tarix elmləri doktoru, professor Oktay Sultanovdur.
Nəşrin ilk səhifələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqillik, dövlətçilik və milli inkişaf haqqında tarixi fikirlərinə yer verilib.
Giriş, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatı (1988-1990-cı illər)”, “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)”, “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2016-cı illər)”, “Naxçıvan mədəniyyəti müstəqillik illərində” adlı 4 fəsildən və Nəticə hissəsindən ibarət monoqrafiyada Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki inkişaf yolu geniş tədqiq edilib.
Kitabda XX əsrin 80-ci illərinin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, erməni təcavüzü, Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışı, demokratik dəyişikliklər, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, müdafiənin təşkili, Naxçıvanın blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, müstəqilliyin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlar, muxtar respublikanın mədəni inkişafı arxiv sənədləri, dövrü mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında təhlil olunur.
Əsərdə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı verdiyi Fərman və sərəncamlar da tədqiqata cəlb olunub.
Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın çoxşaxəli inkişaf yolunu elmi və sənədli faktlarla gələcək nəsillərə ötürən “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” kitabı tarixçilər, tədqiqatçılar, ali məktəb tələbələri və Naxçıvanın müasir tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün zəngin elmi mənbədir.