Aytən Cəfərova
Haqqında
Aytən Cəfər qızı Cəfərova 21 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini Bakı şəhəri 30 saylı orta məktəbdə alıb. AZDMİU-nun sənətşünaslıq fakültəsini, Bakı Dövlət Universitetinin filologiya fakültələrini bitirib.
2003-2016-cı illərdə AMEA-nın Folklor İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildə “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” adlı tədqiqat işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2022-ci ildə dosent elmi adına layiq görülüb. 2018-ci ildən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. 2020-ci ildən həmin şöbənin müdiridir.
Aytən Cəfərovanın elmi araşdırmaları Naxçıvan Muxtar Respublikasının folklor mühitinin, Naxçıvan halay və yallılarının, eləcə də Qərbi Azərbaycanın folkloru, etnoqrafiyası, mədəni dəyərləri və ədəbi mühitinin tədqiqi məsələlərini əhatə edir. O, 6 kitab və monoqrafiyanın, 150-dək elmi, 200-dən artıq publisistik məqalənin müəllifidir. 100-dən çox televiziya və radio verilişlərində elmi və ictimai mövzularla bağlı çıxış edib.
2021-ci ildən “Azərbaycan folklor simvollarının semantikası” (Naxçıvan folklor mətnləri əsasında) adlı elmlər doktoru dissertasiya işi üzərində çalışır.
Aytən Cəfərova Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi, Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
Ailəlidir, 2 övladı var.