Çinarə Rzayeva
Haqqında
Çinarə Vaqif qızı Rzayeva 14 yanvar 1982-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1988-1998-ci illərdə Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 №li orta məktəbdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. 1999-2003-cü illərdə “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsini, 2003-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Folklorşünaslıq və mifologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2015-2018 ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Regional idarəetmə” ixtisası üzrə ikinci ali (magistr) təhsil almışdır.
Çinarə Rzayeva Naxçıvan Özəl Universitetinin Azərbaycan dilçiliyi kafedrasında baş laborant (2006-2011), Ə.Ağayev Adına 8 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi (2007-2015), NMR Ali Məclisi Aparatında məsləhətçi (2015-2016) işləmiş, 2016-cı ildən bugünədək AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşıdır. Hazırda həmin institutun Folklorşünaslıq şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
2013-cü ildə “Hüseyn Cavid dilinin leksikası” mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2021-ci ildə dosent elmi adı almış, 2025-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Bir sıra beynəlxalq miqyaslı (Azərbaycan, Türkiyə, Rusiya) konfrans və simpoziumların iştirakçısı olan Çinarə Rzayevanın 20-dən çoxu xaricdə olmaqla 130-a yaxın elmi məqaləsi nəşr olunub. 5 monoqrafiya, 1 lüğət, 1 kitabın müəllifi, 1 kitabın isə toplayıcısı və tərtibçisidir.
Fəaliyyəti dövründə o, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə “İlin ən fəal gənc alimi” nominasiyası (2016), elm sahəsindəki nailiyyətlərinə görə AMEA Naxçıvan Bölməsində “İlin alimi” fəxri adı (2017), Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının “Təşəkkürnamə”si ilə (2024) təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü (2022) seçilmiş, şahmat üzrə 2 dəfə Naxçıvandakı idarə və təşkilatlar arasında keçirilən yarışda xanımlar arasında I yeri tutmuş, medal və pul mükafatı ilə təltif edilmişdir.