26 Iyul 2026, Bazar

leadership

Əli Qəhrəmanov

Haqqında

Əli Kətən oğlu Qəhrəmanov 6 aprel 1946-cı ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kəndində kolxozçu ailəsində anadan olmuşdur.

1952-ci ildə Şahbuz rayonun Biçənək kənd 7 illik məktəbinin birinci sinfinə daxil olmuş, orta təhsilini Şahbuz qəsəbə orta məktəbində davam etdirərək 1964-cü ildə həmin məktəb bitirmişdir. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Dil və Ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.

Əli Qəhrəmanov əmək fəaliyyətinə 1965-ci ildə Şahbuz rayonunun Gecəzur (indiki Ağbulaq) kənd 8 illik məktəbində başlamış, 1969-1970-ci  illərdə Şahbuz Aşağı Qışlaq və Biçənək kənd orta məktəblərində Ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 1970-ci ildə Ukraynanın Starokonstantinov şəhərində hərbi xidmətdə olmuş, 1971-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Biçənək kənd orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir.

1972-ci ildən ALKGİ Şahbuz rayon Komitəsində Komsomol Təşkilatları şöbəsinin müdiri vəzifəsində çalışmış, 1973-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2003-cü ilin yanvar ayından AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, elmi katibi vəzifələrində çalışırmışdır. 2006-cı ildən həmin institutun Musiqi və teatr şöbəsinin müdiridir.

Əli Qəhrəmanov 1987-ci ildə Özbəkistanda “Naxçıvan teatrının inkişaf yolu və problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2011-ci ildə dosent elmi adı almışdır.

Əli Qəhrəmanov 10 monoqrafiya və kitabın, ölkəmizdə, eləcə də Türkiyə və Rusiyada dərc olunmuş 200-dən artıq elmi məqalənin, 180-dən artıq elmi-publisistik məqalənin müəllifidir.

1982-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin (2006) və AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanları ilə (2016) təltif olunmuşdur. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının və Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”nin redaksiya heyətinin üzvü olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı, 7 nəvəsi, 2 nəticəsi var.