26 Iyul 2026, Bazar

leadership

Elxan Məmmədov

Haqqında

Elxan Qadir oğlu Məmmədov (Elxan Yurdoğlu) 9 may 1980-ci ildə Şərur rayonunun Yurdçu kəndində (indiki Kəngərli rayonunun Yurdçu kəndi) ziyalı ailəsində anadan olub.

1986-1994-cü ildə Yurdçu kənd orta məktəbində, 1994-1997-ci illərdə Quba Özəl Türk Liseyində, 1997-1998-ci illərdə Naxçıvan Türk Liseyində təhsil alıb. 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına köçürülüb və 2002-ci ildə həmin universiteti bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində “Folklorşünaslıq və mifologiya” ixtisası üzrə magistr təhsili alıb.

2003-cü ildə Yurdçu kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2004-cü ilin avqust ayından etibarən “Şərq qapısı” qəzetində müxbir kimi əmək fəaliyyətini davam etdirib. 2005-2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ədəbi-Bədii Verilişlər Baş Redaksiyasında redaktor işləyib. 2006-2007-cı illərdə “Şərq qapısı” qəzetində Humanitar siyasət şöbəsinin müdiri, məsul katib müavini və məsul katib vəzifələrində çalışıb.

2007-ci ilin 9 aprel tarixindən etibarən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində kiçik elmi işçi, 2011-ci ilin 5 yanvar tarixindən etibarən elmi işçi, 2017-ci ildən həmin şöbənin müdiri vəzifələrində çalışıb. 2021-ci ilin dekabrından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini kimi əmək fəaliyyətini davam etdirir.

Akademiyada işlədiyi dövrdə paralel olaraq 2012-2016-cı illərdə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri vəzifəsində çalışıb.

2008-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Folklorşünaslıq” ixtisası üzrə doktoranturasında qiyabi təhsil alıb. “Eynəli bəy Sultanovun folklorşünaslıq irsi” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (2016), 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2019-cu ildə dosent elmi adına layiq görülüb. 

4 monoqrafiya (1-i həmmüəllif),  15 kitab, 100-ə yaxın elmi məqalə və konfrans materialının müəllifidir.

Elxan Məmmədov elmi, publisistik və bədii yaradıcılıqla yanaşı, tərcüməçiliklə də məşğul olmuş, onun türk-Azərbaycan və Azərbaycan-türk dilinə tərcüməçiliyi ilə 6 kitab nəşr olunub.

  Azərbaycan Jurnalistlər Birliyinin (2002) və Azərbaycan Yazıçılar Birliyinin (2007) üzvüdür. Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikası Mətbuat Şurası İdarə Heyətinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının, Naxçıvan Dövlət Uşaq Teatrı Bədii Şurasının üzvü olub. Eyni zamanda beynəlxalq kodlu “Türkiyat Mecmuası” elmi jurnalının (2012), “Ulduz” jurnalının (2014), “Folklor Akademi” elmi jurnalının (2018), “Comparative Turkish Dialects and Literatures elmi jurnalının (2024), “Türk Dili ve Edebiyatı Dergisi"nin redaksiya heyətinin (2025) üzvüdür.

Gənc yazar kimi Prezident Mükafatına (2011) layiq görülüb, Naxçıvan Muxtar Respublikasında ilin gənc şairi seçilib (2001, 2013).

Milli Mətbuatımızın 140 illiyi münasibətilə “Tərəqqi” medalı ilə (2015), AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin “İlin alimi” diplomu (2016) təltif olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.