26 Iyul 2026, Bazar

leadership

Fərman Xəlilov

Haqqında

Fərman Yunis oğlu Xəlilov 31 mart 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.

1969-cu ildə Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirmiş, 1973-cü ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir.

1973-cü ilin avqust ayından noyabr ayınadək Naxçıvan MR Culfa rayon Milax kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş,. 1974-cü ildə hərbi xidmətdə olmuşdur.

Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli orta məktəbdə (1975-1996) və Naxçıvan Türk Liseyində (1992-2004) Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1985-ci ildə metodist-müəllim adına layiq görülmüşdür.

2013-2016-cı illərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2016-cı ilin noyabr ayından AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktorudur.

1969-cu ildən yerli və respublika mətbuatında, həmçinin Türkiyə, İran, Qazaxıstan, Kanada və Rusiyanın müxtəlif qəzet, ədəbi-bədii və elmi jurnallarında 200-dən çox məqaləsi və 30-dək kitab və monoqrafiyası çap olunmuşdur.

Elmi yaradıcılığı əsasən iki istiqaməti əhatə edir:

  1. Cənubi Azərbaycan ədəbiyyatı, xüsusilə Mirzə Əli Möcüzün mühiti, həyatı və ədəbi irsi;

  1.  Naxçıvanın elmi, ədəbi və mədəni mühiti.

1982-ci ildə  “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda namizədlik, 2011-ci ildə “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2017-ci ildə dosent elmi adı almışdır.

2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2013, 2015 və 2022-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iki il müddətinə Naxçıvan Dövlət Universiteti nəzdində təşkil olunan fəlsəfə doktorluğu üzrə Dissertasiya Şurasının üzvü və həmin şuranın elmi seminarının (Azərbaycan və dünya ədəbiyyatı üzrə) sədri olmuşdur.

2024-cü ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinə üzv seçilmişdir.

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər”, həmin bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” və AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” jurnallarının redaksiya heyətinin üzvüdür.

2005-2023-cü illərdə filologiya elmləri üzrə müxtəlif mövzulara həsr olunmuş fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının müdafiəsində rəsmi opponent olmuşdur. Fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib diplom almış 3  dissertantın elmi rəhbəri olmuşdur.

Elmi və pedaqoji fəaliyyəti haqqında Azərbaycan, Türkiyə və İran mətbuatında məqalələr dərc olunmuş, Professor S.İbrahimovun tərtibi ilə “Ömür yolu”, (Naxçıvan: “Əcəmi” NPB, 2013), biblioqraf S.Salahovanın tərtibi ilə isə “Biblioqrafik göstərici” (Naxçıvan: “Əcəmi” NPB, 2023) adlı biblioqrafiyalar çap olunmuşdur.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin (Seyid Səbri, Müzəffər Nəsirli, Kəmalə Ağayeva, Sübhi Kəngərli, Həsən bəy Qazıyev və Şamil Qazıyevin) şəxsi arxivlərini yaratmış və bu işi davam etdirməkdədir.

2017, 2019, 2021, 2024 və 2026-cı illərdə “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti” adlı beşcildliyini  çap etdirmişdir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Əlyazmalar Fondunun fəliyyəti haqqında ayrıca kitablar çap etdirmişdir.

Naxçıvan teatrının inkişaf mərhələlərini əks etdirən “Naxçıvan teatrı. Məqalələr, xatirələr” (tarix elmləri doktoru F.Cəfərovla birlikdə) və Naxçıvanda maarifin inkişafında  xüsusi xidmətləri olan Həsən bəy Qazıyevə həsr etdiyi kitab nəşr etdirmişdir.

Azərbaycan  ədəbi mühitində özünəməxsus iz buraxan Hüseyn Razi  və XX əsrin əvvəllərində ilk dəfə “Naxçıvan tarixi” adlı kitab yazan Hacı Mirbağır Mirheydərzadənin ədəbi-bədii və elmi fəaliyyətlərinə həsr olunan monoqrafiyaların nəşrinə nail olmuşdur.