Firudin Rzayev
Haqqında
Firudin Həsən oğlu Rzayev 21 dekabr 1952-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1960-1968-ci illərdə Culfa rayon Əbrəqunus kənd İnternat məktəbində 8 illik, 1969-1970-ci illərdə Xanağa kənd orta məktəbində 10 illik təhsil almışdır. Məktəbi yüksək qiymətlərlə bitirən Firudin Rzayev ailə vəziyyəti ilə əlaqədar 7 il tikintidə suvaqçı və bənna kimi çalışmışdır.
1978-1983-cü illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır. Orta məktəbdə işlədiyi dövrdə elmi yaradıcılıqla məşğul olan Firudin Rzayev indiki Azərbaycan Dillər Universitetinin dissertantı olmuş, 2003-cü ildə “Əlincə çayı vadisi toponimlərinin türk layı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 2014-cü ildə dosent elmi adı almışdır. “Naxçıvanda miladdan öncəki dövrlə bağlı etnooykonimlərin semantik-struktur sistemi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək, 2026-cı ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
2004-cü ildə Azərbaycan MEA Naxçıvan Bölməsi rəhbərliyinin dəvəti ilə bu bölmənin Onomastika şöbəsinə müdir təyin edilmiş, 2005-ci ildən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2016-cı ildə Onomastika şöbəsinin fəaliyyətini artırmaq məqsədi ilə yenidən həmin şöbəyə müdir təyin edilmiş, hazırda da həmin şöbəyə rəhbərlik edir.
Alimin məqalələri Azərbaycan, Rusiya, Kanada, Braziliya, Ukrayna, İran, Türkiyə kimi xarici ölkələrin elmi jurnallarında dərc edilmiş, 6 monoqrafiyası (2-si iki cilddə olmaqla), 1 şer kitabı nəşr edilmişdir. O, 230-dan artıq elmi məqalənin (36 məqaləsi xaricdə dərc olunmaqla) müəllifi kimi çoxsaylı elmi nəticələr əldə etmiş, 90-dan yuxarı beynəlxalq simpozium və konfransda məruzə etmişdir.
Firudin Rzayev Naxçıvan ərazisinin m.ö. dövrləri ilə bağlı toponimlərinin etnogenezi, bu tayfaların mifi, Assur, Hett, Axxiyava, Şumer, Urartu yazılarına istinadən toplanması, materiallar əsasında tədqiqatlarını davam etdirməkdədir. 6 ensiklopedik əsərin həmmüəllifi olmaqla, bu sahədə tədqiqatlar aparan F.Rzayev, 12 fəlsəfə doktorluğuna öz təcrübəsini təlqin etmiş, bu doktorant və dissertantların fəlsəfə doktorluq dissertasiyalarının müdafiəsində rəsmi opponent olmuş, 40-yaxın elmi işə və kitaba rəy vermişdir.
Alimin erməni iddialarının əsassızlığı ilə bağlı fakt və sübutlara əsaslanan 17 məqaləsi erməni saytlarına (rəy bölməsinə) yerləşdirilmişdir.