Kübra Vəliyeva
Haqqında
Kübra Sabir qızı Vəliyeva 19 yanvar 1989-cu ildə Şərur rayonunun Gümüşlü kəndində anadan olub. 2006-cı ildə Babək rayon Babək qəsəbə orta məktəbini bitirib.
2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsinin Ərəb dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsili, 2010-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Dilşünaslıq istiqamətinin Ərəb dili ixtisası üzrə magistr təhsili alıb.
Azərbaycan Təhsil Nazirliyinin xətti ilə 2008-ci ildə Qahirə Universitetinin nəzdindəki Ərəb dili və mədəniyyəti mərkəzində “Ərəb dili və İslam mədəniyyəti” kursunda iştirak edib.
Naxçıvan Dövlət Universitetinin “Şərq dilləri və ədəbiyyatı” kafedrasında (2011-2012 və 2022-2023), “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin “İlahiyyat” kafedrasında (2016-2023) saat hesabı müəllim işləyib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarədə böyük mütəxəssis (2011-2013), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Şəhər Gənclər və İdman idarəsində aparıcı məsləhətçi (2013-2017) vəzifələrində işləyib.
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası şöbəsində böyük laborant (2017), kiçik elmi işçi (2018), elmi işçi (2020) vəzifələrində çalışıb. 2020-ci ilin oktyabrından 2026-cı ilədək AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyasına ictimai əsaslarla rəhbərlik etmiş, 2026-cı ilin yanvar ayından həmin laboratoriyanın rəhbəri vəzifəsinə təyin olunmuşdur.
Bir sıra beynəlxalq konfranslarda, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya və başqa respublikalarda beynəlxalq səviyyəli konqres, simpozium, konfrans, müxtəlif elmi-praktik tədbirlərdə iştirak edib. Üç kitabın tərtibçisi, bir kitabın redaktoru olmuş, 100-dək elmi və publisistik məqalələri respublika və beynəlxalq səviyyəli jurnallarda dərc edilmişdir.
2022-ci ildə Azərbaycan MEA Naxçıvan Bölməsində 5713.01 – Sami dilləri ixtisası üzrə dissertanturanı bitirmişdir. Müzakirəsi keçirilən “Azərbaycan və ərəb dillərində tibb terminləri və onların leksik-semantik xüsusiyyətləri” mövzusunda yazdığı fəlsəfə doktorluğu dissertasiyası növbəti mərhələyə buraxılıb.
2025-ci ildə Gənc alimlər arasında elmi fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İlin gənc alimi” diplomu ilə təltif edilib.
2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.