26 Iyul 2026, Bazar

leadership

Nuray Əliyeva

Haqqında

Nuray Yadigar qızı Əliyeva 22 sentyabr 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.

1984-1994-cü illərdə Ə.Qəmküsar adına Naxçıvan şəhər 39 №li dəmiryol orta məktəbində, 1995-1999-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində bakalavr, 2002-2004-cü illərdə Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsi üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə 1999-cu ildə başlamış, 2004-cü ilədək İ.Səfərli adına Naxçıvan şəhər 1№li orta məktəbdə müəllim kimi çalışmışdır.

2004-cü ildən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsində çalışır, hazırda həmin şöbənin baş elmi işçisidir.

2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2014-cü ildə isə dosent elmi adı almışdır. 2022-ci ildə “Naxçıvan dialekt və şivələrinin leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2023-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi qazanmışdır.

Alim 6 monoqrafiya, 2 kitab, 180-dən çox elmi məqalə və konfrans materialının, 100-ə yaxın publisistik məqalənin müəllifidir. 35 məqalə və konfrans materialı, eləcə də 2 monoqrafiyası xaricdə işıq üzü görüb. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Türkiyədə keçirilən 40-a yaxın beynəlxalq və respublika səviyyəli elmi konfransda məruzələrlə çıxış edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatıdır.

Elmi fəaliyyətində fərqləndiyi üçün “İlin alimi” fəxri adına (2015), layiq görülüb, AMEA-nın elmi mühitində və ictimai həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə (2025) təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.