26 Iyul 2026, Bazar

leadership

Səbuhi İbrahimov

Haqqında

Səbuhi Məmmədalı oğlu İbrahimov 1971-ci il iyun ayının 10-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kəndində anadan olmuşdur.

1978-1988-ci illərdə Ərəzin kənd orta məktəbində orta təhsil almış, 1989-1990-cı illərdə hərbi xidmətdə olmuş, 1993-1998-ci illərdə Bakı İslam Universitetini bitirmiş, 2002-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Fəlsəfə tarixi” ixtisası üzrə magistratura pilləsində təhsil almışdır.

Əmək fəaliyyətinə Ərəzin kəndindən başlamış, 1990-1994-cü illərdə H.Cavid adına sovxozda fəhlə, 1994-2005-ci illərdə Ərəzin kənd orta məktəbində müəllim, 2005-2006-cı illərdə Culfa YTİİ-də 3-cü dərəcəli fəhlə işləmişdir. 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunda Əlyazmaların kataloqlaşdırılması şöbəsində kiçik elmi işçi, elmi işçi işləmiş, hazırda Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri vəzifəsində çalışır.

2005-ci ildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olmuş və 2008-ci ildə Bakı Dövlət Universitetində “İslamda İmamilik” mövzusundan dissertasiya müdafiə edərək 7210.01 - Fəlsəfə tarixi və 7213.01- Dinşünaslıq, mədəniyyətin fəlsəfəsi ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2012-ci ildə dosent elmi adı almışdır. 2023-cü ildə “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı – XX əsrin əvvəlləri)” mövzusunda 5721.01 – Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisası üzrə doktorluq müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

AMEA Naxçıvan Bölməsində “İlin alimi” fəxri adı (2023), AMEA-nın “Təşəkkürnamə”si ilə, AMEA Rəyasət Heyətinin Təşəkkürnamə”si (2024), “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin “Fəxri fərmanı”, “Elmdə Sonsuz İşıq” Beynəlxalq Tədqiqat Mərkəzi tərəfindən “I dərəcəli Diplom”“Ən yaxşı gənc alim” medalı ilə təltif edilmişdir.

18 kitab, monoqrafiya, dərs və metodik vəsaitin, ölkəmizdə və xaricdə (Türkiyə, İran, Rusiya, Almaniya, Hindistan, Ruminiya, İngiltərə, Özbəkistan, Qazaxıstan, BƏƏ, Kuba və Şimali Kipr Türk Cümhuriyyəti) dərc olunan 180-dən artıq elmi məqalənin müəllifidir.

Elmi araşdırmaları ilə yanaşı, alim 2010-cu ildən “Naxçıvan” Universitetində, 2023-cü ildən isə Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.