18 Iyul 2026, Şənbə

leadership

Tariel Talıbov

Haqqında

Tariyel Hüseynəli oğlu Talıbov 22 fevral 1949-cu ildə Şərur rayonunun Siyaqut kəndində qulluqçu ailəsində anadan olmuşdur. Şərur rayonunun Siyaqut kəndində 1966-cı ildə XI sinfi bititmişdir. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. 1973-cü ildə Azərbaycan EA Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, sonra isə həqiqi hərbi xidmətə çağırılmışdır. 1974 - cü ildə hərbi xidmətdən tərxis olduqdan sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) Kimya - biologiya kafedrasında baş laborant vəzifəsinə işə qəbul olunmuş, sonra Biologiya kafedrasında müəllim, baş müəllim, Botanika kafedrasında dosent vəzifələrinə seçilmiş və bu vəzifələrdə səmərəli fəaliyyət göstərmiş, 1989-2003-cü illərdə Naxçıvan Dövlət Universitetində Botanika kafedrasına rəhbərlik etmişdir. 2003-2019-cu illərdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda direktor, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin baş elmi işçisidir.

İstehsalatdan ayrılmadan Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş, 1986-cı ildə "Naxçıvan MSSR-də ərik genefondunun qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 03.00.15-Genetika" və 06.01.05 -"Seleksiya və toxumçuluq" ixtisasları üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ilin mart ayında isə Azərbaycan MEA Botanika İnstitutunda "Naxçıvan MR-in flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması (Cormobionta üzrə)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək  03.00.05 - "Botanika" ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasında professor vəzifəsinə seçilmiş və 2008-ci ildə professor elmi adını almışdır. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərdə “Botanika” ixtisası üzrə AMEA-nın  müxbir üzvü, 2014-cü ildə isə “Botanika” ixtisası üzrə AMEA-nın həqiqi üzvü seçilmişdir. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 12 nəfər fəlsəfə və 2 nəfər elmlər doktoru hazırlanmışdır.

AMEA Botanika İnstitutunda 2013-2014-cü illərdə fəaliyyət göstərən D.01.061 Dissertasiya Şurasının sədr müavini, 2016-2018-ci illərdə isə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda fəaliyyət göstərən “Botanika” - 2417.01 və “Fiziki kimya - 2307.01” üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılan Dissertasiya Şurasının sədri olmuşdur.

Alimin rəhbərliyi və müəllifliyi ilə muxtar respublikanın flora və faunasına aid 2 cildlik “Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı (Azərbaycan və rus dillərində), “Фауна Нахчыванской Автономной Республики (Позвоночных)”, AMEA Naxçıvan Bölməsinin nəşr etdirdiyi “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, “Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası”, Naxçıvan Muxtar Respublikasının tətbiq yönümlü perspektivli yabanı və mədəni qida bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının təbiəti” və flora və faunaya həsr olunmuş 50-yə yaxın monoqrafiyalar nəşr edilmişdir. O, həmçinin Azərbaycan Respublikasının Qırmızı Kitabının  fauna və floraya aid II və III nəşrlərində redaksiya heyətinin üzvü və 60-dan çox oçerkin müəllifidir.

Qafqaz Ekoregionunda bəbirin monitorinqinə dair aparılan uğurlu və fundamental tədqiqatlara görə WWF tərəfindən 10 oktyabr 2014-cü ildə Berlin şəhərində xüsusi sertifikat və döş nişanı ilə təltif edilmişdir.

Tariyel Talıbov Şərur rayonunun 12 saylı Seçki Dairəsindən III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat olmuş, səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin (1999), AMEA Rəyasət Heyətinin (2009, 2023), AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin (2014) Fəxri fərmanı ilə təltif edilmişdir. "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adına (2009) layiq görülmüş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq “Yubiley qızıl medalı” (2013) ilə təltif olunmuşdur. AMEA-nın Həsən bəy Zərdabi adına mükafat, “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı (2019), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Türk dünyasının Fəxri Ziyalısı" fəxri adı (2026) ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı, 5 nəvəsi və bir nəticəsi var.