01 Avqust 2026, Şənbə

leadership

Tofiq Əliyev

Haqqında

Tofiq Abbasəli oğlu Əliyev 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində anadan olmuşdur.

1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilinə başlayan Tofiq Əliyev sonradan təhsilini Naxçıvan şəhərində yenicə açılmış internat məktəbində davam etdirmiş və 1968-ci ildə həmin məktəbi gümüş medalla başa vurmuşdur. Elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsinə daxil olmuş, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə bir il Saatlı rayonunda müəllim işləmiş, 1974-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini və kafedra müdiri, 2019-2023-cü illərdə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 2023-cü ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti Təbii Ehtiyatlar İnstitunun direktorudur.

Tofiq Əliyev 1986-cı ildə “Eyni vaxtda inhibitor təsirinə malik olan anti abraziv əlavə” ixtirasına görə “xidməti istifadə üçün” qrifinə malik müəlliflik şəhadətnaməsi almışdır. O, 1988-ci ildə Azərbaycan Respublikası EA Qeyri-üzvi və Fiziki kimya İnstitutunda “Fiziki kimya” ixtisası üzrə “xidməti istifadə üçün” qrifinə malik namizədlik dissertasiyasını müdafiə etmiş, 1991-ci ildə dosent elmi adına layiq görülmüş, 2008-ci ildə “Polad avadanlıqların korroziyasının ingibitoru” elmi tədqiqatına görə iki ədəd patent almışdır. 2011-ci ildə “Fiziki-kimya” və “Neft kimyası” ixtisasları üzrə “Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 2016-cı ildə prosessor elmi adına layiq görülmüş, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

2007-ci ildə “Tərəqqi” medalı, müxtəlif dövrlərdə Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanları ilə təltif edilmiş, 2008-ci ildə universitet üzrə keçirilən “İlin alimi” nominasiyasının qalibi olmuşdur.

Tofiq Əliyev 190-dan artıq elmi əsərin - 6 kitab (1 memuar, 1 monoqrafiya, 1 dərslik, 4 dərs vəsaiti), 1 dərs proqramı, 1 müəlliflik şəhadətnaməsi, 2 patent, çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.