Yaşar Rəhimov
Haqqında
Yaşar Nihad oğlu Rəhimov 1964-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur.
1971-1981-ci illərdə C.Məmmədquluzadə adına Cəlilkənd kənd orta məktəbində təhsil almış, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tarix ixtisasının bakalavr pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 1993-cü ildən Şərur rayon C.Məmmədquluzadə adına Cəlilkənd kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır. 2005-cı ildən AMEA Naxçıvan Bölməsində işləyir, 2016-cı ilin oktyabr ayından bölmənin Etnoqrafiya və Arxeologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə təyin olunmuşdur. Hazırda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi vəzifəsində çalışır.
2012-cü ildə “Naxçıvan XIX əsr rus mənbələrində” adlı dissertasiya işini müdafiə edərək, fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Alim Naxçıvanın XIX və XX əsr dövrü tarixinin tədqiqi ilə bağlı iki monoqrafiya, 2 kitab (həmmüəllif), 1 kitabça (həmmüəllif), 130-dan artıq elmi və xeyli sayda publisistik məqalənin müəllifidir. Fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda məruzələr etmişdir.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.