Zülfiyyə İsmayıl
Haqqında
Zülfiyyə Hüseyn qızı İsmayıl 22 dekabr 1976-cı ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində ziyalı ailəsində anadan olub.
1982-1992-ci ildə Qarabağlar kəndinin 2 №li tam orta məktəbində təhsil alıb. Orta məktəb təhsili ilə paralel olaraq Azərbaycan Respublikası QAC Naxçıvan Vilayət Komitəsinin nəzdində olan tibb bacısı kursunu (1990-1992) fərqlənmə ilə bitirmişdir. 1992-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində təhsil almış, ali təhsilini başa vuran kimi (1997) kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan Zülfiyyə İsmayıl elmi işçi, böyük elmi işçi, elmi katib, aparıcı elmi işçi kimi müxtəlif vəzifələrdə çalışmışdır. Eyni zamanda 1997-ci ildən indiyədək Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibidir.
Zülfiyyə İsmayıl 2011-ci ildə “Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə dosent, 2020-ci ildə Rusiya Elmlər Akademiyasının professoru elmi adını almış, “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri” mövzusunda doktorluq işini tamamlamışdır.
Onun elmi rəhbərliyi ilə 2 nəfər uğurla müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, dəfələrlə gənc doktorant və dissertantlara rəsmi opponentlik etmiş, neçə-neçə əsərin elmi redaktoru və rəyçisi olmuşdur.
Alimin Almaniyada 2 (ingilis və türk dilində), Belçikada 1 olmaqla 12 kitab və monoqrafiyası, 300-dən çox elmi məqaləsi Azərbaycan, ABŞ, Brazilya, Kuba, Avstriya, İtaliya, Polşa, Rusiya, Ukrayna, Qazaxstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin akademik jurnallarında, həmçinin “Web of Science” və “Scopus” elmmetrik bazasına daxil olan nəşrlərdə nəşr olunmuşdur. 500-dən çox publisistik məqalə, oçerk, esse və resenziyanın müəllifidir. 120-dən çox respublika və beynəlxalq səviyyəli elmi konfrans, sempozium və konqresdə elmi məruzələri dinlənilib və sertifikatlarla, təşəkkürnamələrlə təltif olunub.
Fəaliyyəti dövründə Zülfiyyə İsmayıl AMEA Naxçıvan Bölməsində “İlin alimi” fəxri adına (2011, 2024, 2025) layiq görülmüş, Naxçıvan Muxtar Respublikası üzrə “İlin ən yaxşı gənc alimi” (2012) seçilmiş, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elm sahəsindəki diplomu (2015), Rusiya Federasiyası Elmi ictimai təşkilatının Dilçilik və ədəbiyyatşünaslıq sahəsindəki II dərəcəli diplomu (2020), “Elmə start” IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diplom və “Şəhadətnamə” (Rusiya, 2020) ilə təltif edilmişdir. Nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) ən çox elmi məqalə nəşrinə görə AMEA-nın II (2025) və III (2026) dərəcəli diplom və mükafatına, Naxçıvan Dövlət Universitetinin təşəkkürnaməsi (2026) layiq görülmüşdür.
Zülfiyyə İsmayıl “Türkologiya Araşdırmaları Jurnalı”nın (ÇAKÜTAD) redaksiya heyətinin üzvü, jurnalın dil və ədəbiyyat bölməsi üzrə məsul redaktoru və Azərbaycan üzrə elmi təmsilçisidir. Həmçinin “Linguiverses” Beynəlxalq elmi jurnalının və “İnsan ve toplum bilim araştırmaları” dergisinin redaksiya heyətinin üzvü, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının məsul katibidir.