17 Iyun 2026, Çərşənbə

Arxiv müdiri

Surə Həmid qızı Rzayeva

Mob. tel. : ( +994 55) 290 61 66

Xid. tel. : ( +994 36) 550 12 75

E-poçt : surarzayeva2911@gmail. com

     AMEA Naxçıvan Bölməsinin Elmi Arxivi Bölmənin elmi, tarixi və inzibati fəaliyyətini əks etdirən mühüm sənədlərin toplanması, mühafizəsi və istifadəyə verilməsi məqsədilə fəaliyyət göstərir. Arxivdə müxtəlif illərə aid zəngin sənəd bazası qorunur və tədqiqatçılar üçün mühüm mənbə rolunu oynayır.

     Arxiv fondlarında, əsasən, 2003–2010-cu illəri əhatə edən statistik hesabatlar, əməkdaşların şəxsi işləri, rüblük və illik hesabatlar, imzalanmış müqavilələr və digər rəsmi sənədlər saxlanılır. Bu materiallar bölmənin fəaliyyət tarixini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

     2018-ci ildə yaradılmış “Elmi rubrika” bölməsi arxivin fəaliyyətində xüsusi yer tutur. Burada Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən təqdim olunmuş sənədlərlə yanaşı, bölmə əməkdaşlarının Rusiya və Gürcüstan dövlət arxivlərindən topladıqları materialların surətləri mühafizə edilir. Bu sənədlər Naxçıvanın tarixinin müxtəlif dövrlərini əhatə edən zəngin məlumatlar təqdim edir.

     Arxiv materialları içərisində xüsusilə 1919–1920-ci illərin siyasi və iqtisadi vəziyyəti, 1921-ci ilin inzibati-ərazi bölgüsü, həmçinin 1831–1832, 1842–1843-cü illərə aid kameral siyahılar mühüm yer tutur. Eyni zamanda Şərur dairəsinə dair sənədlər, Qafqazın yeni tarixi (1722–1803), Naxçıvan xanlığının tarixi və onun Rusiyaya birləşdirilməsi, Türkmənçay, Aleksandropol, Moskva və Qars müqavilələri ilə bağlı geniş məlumatlar arxiv fondlarında əks olunmuşdur.

     Arxivdə Naxçıvanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar da qorunur. Bunlara Ehsan xan Naxçıvanski, İsmayıl xan Naxçıvanski, Bəhram xan Naxçıvanski, Kalbalı xan Naxçıvanski, Kərim Sultan Kəngərli, Mənsur ağa Kəngərli və digər şəxslər haqqında sənədlər daxildir.

     Bundan əlavə, arxivdə ədəbi və mədəni irsə dair qiymətli materiallar mövcuddur. Yazıçı Məmməd Səid Ordubadiyə ünvanlanmış məktublar, Eynəli bəy Sultanovun “Naxçıvan məktubları”, Mirvarid Dilbazinin xatirələri, eləcə də Naxçıvan ədəbi mühitinə aid sənədlər, Əziz Şərif və Səməd Mövlanə ilə bağlı materiallar və XIX əsrə aid qəzet nümunələri arxiv fondlarının zənginliyini göstərir.