Əlyazmaların toplanması şöbəsi
Şöbənin səmərəli fəaliyyət nəticəsində fondda mühafizə edilən əlyazma və çap kitablarının sayı 600-ü keçmişdir. Bunlar elmin müxtəlif sahələrinə-tarix, dilçilik, ədəbiyyatşünaslıq, nücum, fiqh, məntiq, riyaziyyat, tibb, coğrafiya, həmçinin bədii ədəbiyyata aid qiymətli materiallardır. Fondda qorunan bu materialların 90-dan çoxu əlyazma, qalanı isə daşbasma üsulu ilə və elektrik mətbəəsində çap olunan kitablardır. Buradakı Qurani-kərimin incə nəstəliq xətti ilə ərəbcə yazılmış bəzi ayələri və məşhur dua nümunələri toplanan çox kiçik formatlı əlyazma təxminən 500 il bundan əvvələ aiddir. Bundan başqa 1074 hicri-qəməridə (miladi 1663) müəllifi Molla Ələkbər bin Hüseyn xan Həmədani olan 360 il bundan əvvəl yazılmış “Müxtəsərun-fi əhkam” adlı çap kitabı (ərəbcədir) və 1200 hicri qəməridə (miladi 1785) çap olunan “Tarixi-möcəm” kitabı (farscadır) fondda qorunan ən qədim çap kitablarıdır.
Fondda qorunan ən qədim türkdilli kitab isə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə katib Məşədi Hacı ağa Təbrizi tərəfindən üzü köçürülən M.Füzulinin Azərbaycan dilində olan “Leyli və Məcnun” poemasıdır.
Fondda mühafizə olunan Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Sərraf Təbrizi, Mirzə Əli xan Ləli, Zünuzu, Məhəmmədbağır Xalxali, Mirzə Ələkbər Sabir və digər azərbaycanlı müəlliflərlə yanaşı Əbülqasım Firdovsi, Sədi Şirazi, Hafiz Şirazi, Qaani, Mirzə Həbib Şirazi, Nazim, Qumri, Hüseyn Qulpayqani, Namiq Kamal və başqa fars və türk klassiklərinin şeirləri və poemaları, həmçinin mənsur “İsgəndərnamə”, “Kəlilə və Dimnə”, “Əlfə leylətun və leylətin” (“Min bir gecə”) kimi bədii əsərlər Şərq dünyasında öz dövrü üçün aktual mövzulara həsr olunan dəyərli sənət inciləridir. Kitabların digər bir qismi isə vaxtilə mollaxana, mədrəsə və üsuli-cədid məktəblərində dərs vəsaitləri olmuşdur. “Gülüstan”, “Bustan” (Sədi Şirazi), “Əbvabül –cinan” (Məhəmməd Rəfiəddin Qəzvini), “Cameyi-Abbasi” (Bəhaəddin Məhəmməd Amili), “Nisabüs – sibyan” (Əbu Nəsr Fərahi), “Dəftəri-ədəbiyyə” (Mirzə Sadıq ibn-Molla Əsədulla Təbrizi), “Anadolu yavrusunun kitabı” (Məhəmməd Asim, Əhməd Cavad), “Elmi –heyvanat” (Camo Cəbrayılbəyli ), “Qiraət kitabı” (A. Şaiq) belə nümunələrdəndir.