17 Iyun 2026, Çərşənbə

Qədim dövr arxeologiyası şöbəsi

Heyran Yunis qızı Həsənova

Mob. tel. : ( +994 60) 310 10 39

E- poçt : h.hasanova.99@mail.ru

     Qədim dövr arxeologiyası şöbəsinin əsas tədqiqat istiqaməti Naxçıvan ərazisində ən qədim dövrlərdən başlayaraq formalaşmış maddi və mənəvi mədəniyyət nümunələrinin araşdırılması, sistemləşdirilməsi və elmi şəkildə təhlil edilməsindən ibarətdir. Şöbənin fəaliyyət istiqaməti çərçivəsində aparılan tədqiqatlar göstərir ki, e.ə. VI–V minilliklərdə Naxçıvan Dalmatəpə və Ubeyd mədəniyyətinin yayılma arealına daxil olmuşdur. Ubeyd mədəniyyətinin təsiri ilə burada yerli Bülövqaya mədəniyyəti formalaşmışdır. Aparılan elmi tədqiqatlar nəticəsində Naxçıvanın qədim mədəniyyətləri dövrləşdirilmiş, Erkən və Orta Tunc dövrü abidələri üçün yeni, daha dəqiq xronoloji sistem təklif edilmişdir. Bu yanaşma Naxçıvanın qədim tarixinin daha dolğun və sistemli şəkildə öyrənilməsinə imkan yaratmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Naxçıvan Erkən Tunc dövrü mədəniyyətinin formalaşdığı əsas mərkəzlərdən biri, hətta vətəni olmuşdur.

     Şöbənin fəaliyyət istiqamətinə daxil olan mühüm məsələlərdən biri də Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz regionları ilə qarşılıqlı əlaqələrinin araşdırılmasıdır. Bu tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Orta Tunc dövrünə aid Boyalı qablar mədəniyyəti məhz Naxçıvan ərazisindən digər Cənubi Qafqaz ölkələrinə yayılmışdır. Bu fakt Naxçıvanın regionda mühüm mədəni mərkəzlərindən biri olduğunu göstərir.

     Şöbədə, həmçinin Naxçıvanın qədim tayfaların mənəvi dünyasının öyrənilməsi istiqamətində iş aparılır. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Naxçıvanda formalaşan qədim mədəniyyətlər, o cümlədən incəsənət nümunələri Azərbaycan xalqının etnoqrafiyası və folkloru ilə sıx bağlıdır. Bu bağlılıq regionun mədəni inkişafında davamlılıq və varislik prinsipinin mövcud olduğunu göstərir.

     Şöbənin fəaliyyət istiqaməti çərçivəsində Gəmiqaya təsvirlərinin də geniş tədqiqi aparılmış və bu petroqliflərin böyük bir qisminin semantik məzmunu açıqlanmışdır. Bu isə qədim insanların dünyagörüşü, inancları və sosial həyatı haqqında mühüm məlumatlar əldə etməyə imkan vermişdir.

     Şöbənin əsas işlərindən biri də Naxçıvanın arxeoloji abidələrinin toplanması, sistemləşdirilməsi və nəşr olunmasıdır. Bu istiqamətdə görülən işlər nəticəsində Naxçıvan ərazisində minə yaxın arxeoloji abidə aşkar edilmiş, onlar pasportlaşdırılmış və elmi dövriyyəyə daxil edilmişdir.

     Son illərdə şöbənin fəaliyyət istiqaməti daha da genişlənmiş, Neolit və Eneolit dövrlərinə aid yeni arxeoloji abidələr aşkar edilmişdir. Eyni zamanda aparılan tədqiqatlar nəticəsində Erkən Dəmir dövründə Şərur ərazisində Urartulara qarşı mübarizə aparan qədim dövlət qurumunun mövcud olduğu müəyyən edilmişdir. Araşdırmalar nəticəsində Göyçə gölü hövzəsinin Naxçıvanda yaşayan qədim tayfaların nəzarəti altında olduğu da elmi əsaslarla sübut edilmişdir.

     Ümumilikdə, Qədim dövr arxeologiyası şöbəsinin əsas işi və fəaliyyət istiqaməti Naxçıvanın qədim tarixinin bütün mərhələlərini kompleks şəkildə araşdırmaq, bu ərazinin Cənubi Qafqaz və Ön Asiya tarixində tutduğu mühüm mövqeyi elmi faktlarla əsaslandırmaqdan ibarətdir.