Bölmənin qonaqları
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları AMEA Naxçıvan Bölməsində olublar
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrası məqsədilə “Qərbi Azərbaycan dialektoloji atlası” tərtib olunur.
Atlasın tərtibi ilə bağlı lazımi dialektoloji materialların toplanılması və Naxçıvan Muxtar Respublikasında məskunlaşmış Qərbi Azərbaycan dialekt daşıyıcıları ilə görüşlərin keçirilməsi məqsədilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin 4 əməkdaşı – filologiya üzrə fəlsəfə doktorları, dosentlər Kifayət İmamquliyeva, Güntəkin Binnətova, Qüdsiyyə Qəmbərova və filologiya üzrə fəlsəfə doktoru Səkinə Şərifova Naxçıvana ezam olunublar.
AMEA Naxçıvan Bölməsində bölmənin sədr müavini Rəşad Zülfüqarov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, elmi katib Zülfiyyə İsmayıl və şöbə müdiri Aytən Cəfərovanın iştirakı ilə görüş keçirilib. Görüş çərçivəsində professor Əbülfəz Quliyev tədqiqatçılara uğurlar arzulayıb, toplanacaq dialektoloji materialların tərtib olunan atlasın zənginləşdirilməsində mühüm rol oynayacağına inamını ifadə edib.
Qeyd edək ki, Çalxanqala, Gal, Şurut, Gömür, Ayrınc, Parağa, Şahbulaq kimi muxtar respublikanın müxtəlif yaşayış məntəqələrindən materialların toplanılması nəzərdə tutulur.