Qədim və orta əsrlər tarixi şöbəsi
Şöbə müdiri
İlhami Nizam oğlu Əliyev
Mob. tel. : ( +994 50) 395 12 52
E-poçt : ilhamialiyev@yahoo.com
Naxçıvan ərazisində mövcud olan epiqrafik abidələr sistemli şəkildə tədqiq olunmuş, indiyədək 600-dən artıq kitabə qeydə alınmışdır. Kitabələrin mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmiş, onlar Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiq olunan kitabələrin böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu abidələrin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərlə əlaqədar tədqiqatlar aparılmış, bir neçə xanəgah, onların rəhbər şeyxlərinin fəaliyyəti öyrənilmişdir. Eyni zamanda Naxçıvanda mövcud olan daş üzərində işləmə mərkəzlərinin (Darıdağ, Tivi, Kırnavə s.) fəaliyyəti tədqiqata cəlb olunmuşdur. Məlum olmuşdur ki, Naxçıvan bölgəsində indiyədək qalan müxtəlif xatirə abidələri, o cümlədən daş qoç fiqurları, sənduqələr və s. bu mərkəzlərdə yerli ustalar tərəfindən hazırlanmışdır. Ərazidə indiyədək qalan orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidələri kimi tədqiq edilərək elmi dövriyyəyə buraxılmışdır. Həmçinin orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılmışdır. Digər istiqamətdə Naxçıvanın XIII-XVIII əsrlər dövründə siyasi vəziyyəti, iqtisadi həyatı, tarixi coğrafiyası və əhalisi tədqiqata cəlb edilmişdir. Tədqiqatlar göstərmişdir ki, monqol hücumları, Hülakilər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə Naxçıvan ərazisi baş vermiş müharibələr nəticəsində zərər çəksə də, burada inkişaf da olmuş, şəhərlər, sənətkarlıq, ticarət və mədəniyyət inkişaf etmişdir. Həmin vaxt Naxçıvan bölgəsinin əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur. Naxçıvanın orta əsrlər dövrü tarixinin tədqiqi istiqamətində işlər davam etdirilməkdədir. Hazırda 2026-2030-cu illər üzrə “Orta əsrlərdə Naxçıvanın siyasi, iqtisadi və mədəni həyatı (III-XVIII əsrin birinci yarısı)” adlı 5 illik iş planına əsasən 3 mərhələdə tədqiqatlar davam etdirilir. Birinci mərhələdə “Səfəvilər dövründə Naxçıvanın mədəni həyatı”, ikinci mərhələdə “III-XII əsrlərdə Naxçıvanın iqtisadi həyatı və mədəniyyəti”, üçüncü mərhələdə “III-XII əsrlərdə Naxçıvanda siyasi vəziyyəti” mövzusu üzrə tədqiqat işləri aparılır. Şöbənin əməkdaşları tərəfindən indiyədək Naxçıvanın orta əsrlər dövrü tarixinin müxtəlif problemlərinə aid 600-dən artıq elmi və elmi kütləvi əsər, o cümlədən 50-ə yaxın kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramı, 400-dən artıq elmi məqalə və tezis nəşr edilib. Əməkdaşlar bir sıra beynəlxalq və respublika miqyaslı simpozium və konfranslarda iştirak etmiş, monoqrafiya, dissertasiya və avtoreferatlara rəy vermiş, kitab və monoqrafiyalara redaktorluq etmişdir. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına opponentlik edilmişdir.