Tədbirlər
AMEA-nın Naxçıvan Bölməsi 2025-ci il üzrə yekun hesabatını təqdim edib
AMEA Naxçıvan Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub. İclas Bölmənin Rəyasət Heyətinin üzvləri, bölmə əməkdaşları və AMEA Rəyasət Heyəti aparatı əməkdaşlarının iştirakı ilə keçirilib.
Tədbirdən öncə bölmə əməkdaşlarının il ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış olub.
Hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik çıxışı zamanı 2025-ci ilin göstəricilərini ötən ilin göstəriciləri ilə müqayisə edib, əldə olunan yekun nəticələr, nəşr olunan elmi əsərlər barədə məlumat verib. Hesabatın hazırlanmasında tətbiq olunan yenilikləri diqqətə çatdırıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2025-ci ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı yekun hesabatı təqdim edib.
Orxan Bağırov bildirib ki, 2025-ci ildə təsdiq edilmiş plana uyğun olaraq 3 elmi istiqamətdə, 3 prоblemi əhatə edən, 3 mövzu üzrə 17 iş, 36 mərhələdə yerinə yetirilmiş və 6 mühüm nəticə əldə olunmuşdur. Elmi-tədqiqat işləri 1 akademik, 2 müxbir üzv, 5 elmlər dоktоru, 16 fəlsəfə dоktоru оlmaqla ümumilikdə 36 elmi əməkdaş tərəfindən yerinə yetirilmişdir.
2025-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə 4 əməkdaş AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının, 1 əməkdaş isə Naxçıvan Dövlət Universitetinin doktoranturasına qəbul olmuşdur. Üç nəfər elmlər doktoru, bir nəfər fəlsəfə doktoru dissertasiya işini müvəfəqiyyətlə müdafiə etmiş, 1 fəlsəfə doktoru dissertasiyasının seminarı keçrilmiş, iş müdafiəyə buraxılmışdır.
Bölmədə 2 ixtisas üzrə fəaliyyət göstərən Dissertasiya Şurasında “Vətən tarixi” ixtisası üzrə 4 fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Əməkdaşlar üzv olduqları müdafiə şuralarında fəaliyyətlərini davam etdirmişlər.
Hesabat ilində Bölmə əməkdaşlarının 8 monoqrafiyası, 17 kitabı, 202 elmi məqaləsi, 142 konfrans materialı, 6 tezisi olmaqla 375 elmi əsəri çap olunmuşdur. Əsərlərdən 61-i xaricdə nəşr edilmiş, 184 elmi məqalə beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxmışdır. Məqalələrdən 3-ü Web of Science, 5-si Scopus, 4-ü ERİH Plus, 1-i CrossRef bazalarında olmaqla 18-i impakt faktorlu jurnalda çap edilmişdir. Əməkdaşların əsərlərinə 1916 istinaq qeydə alınmışdır.
Hesabat ilində “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının isə 3 nömrəsi çapdan çıxmışdır. Hər iki jurnalda çap olunan məqalələr DOİ rəqəmsal identifikatoru ilə təmin olunmuşdur. Əməkdaşların 194 qəzet məqaləsi işıq üzü görmüşdür.
İl çərçivəsində 1 respublika, 2 muxtar respublika, 17 bölmə səviyyəli elmi konfrans, 8 tədbir, 12 təqdimat keçirilmişdir. Bölmənin Rəyasət Heyətinin 9 iclasında müxtəlif məsələlərlə bağlı 55 qərar, 7 sərəncam verilmişdir.
Bölmədə keçirilmiş “Qərbi Azərbaycan: tarix, mədəniyyət və böyük qayıdış” Respublika elmi konfransının, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 2 konfransın materialları, “Taleyi və sənəti” seriyası üzrə “Adil Babayev: taleyi və sənəti” məqalələr toplusu çap olunmuşdur.
Məruzəçi diqqətə çatdırıb ki, 2025-ci ildə AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, İngiltərə, İtaliya, Avstraliya, Türkiyənin elm və təhsil müəssisələri, elm adamları ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişdir.
Cari ilin 10 may-6 iyun tarixlərində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun bir əməkdaşı Gürcüstan Respublikasının Tiflis şəhərindəki Gürcüstan Milli Arxivində XVIII-XX əsrlər üzrə, həmçinin K.Kekelidze adına Əlyazmalar İnstitutunda, rus şərqşünası K.N.Smirnovun fondunda, S.Canaşiya adına Gürcüstan Milli Muzeyində ezamiyyədə olmuş, əldə olunan sənədləri Naxçıvana gətirmişdir.
Hesabat dövründə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşları tərəfindən Bülövqaya yaşayış yerində və Xaraba Gilanda qazıntı aparılmış, yeni fakt və materiallar əldə olunmuşdur.
2025-ci ildə Bölmə əməkdaşının elmi əsərlərinin elektron variantlarının internet resurslarına yüklənməsi, eləcə də digər sosial şəbəkə və elmi bazalarda hesaların yradılması işi diqqətdə saxlanmışdır. Hazırda bölmənin yeni “nscience.gov.az” internet saytı ictimai istifadəyə hazırlanır.
Naxçıvanla bağlı Vikipediya azad ensiklopediyasında 11 yeni məqalə yaradılmış, 30 məqalə üzrə elmi redaktə və strukturlaşdırma aparılmışdır. Əlincə qalası, Möminə Xatun türbəsi, Qarabağlar türbəsi, Gəmiqaya petroqlifləri, Yusif Küseyiroğlu türbəsi, Gülüstan türbəsi, Ordubad Qeysəriyyəsi və digər mühüm tarix-memarlıq abidələri üzrə məqalələr yenidən işlənmiş, memarlıq xüsusiyyətləri, tarixi kontekst və qorunma vəziyyəti ilə bağlı məlumatlar elmi əsaslarla genişləndirilmişdir. Naxçıvanın Eneolit dövrü abidələri, sənətkarlıq ənənələri, mətbəxi, Külüs nekropolu, Parağaçay və digər mövzular üzrə məqalələr struktur baxımından optimallaşdırılmış, arxeoloji və tarixi mənbələr əsasında zənginləşdirilmişdir. Həmçinin Behbud ağa Şahtaxtinski, Məhəmməd Tağı Sidqi, Cəmşid və Cəfərqulu xan Naxçıvanskilər, Bəhruz Kəngərli və digər şəxsiyyətlərlə bağlı məqalələrdə bioqrafik məlumatlar dəqiqləşdirilmişdir.
2025-ci ildə Bölmənin Elmi Kitabxanasına daxil olan çap məhsullarının həcmi 351 ədəd olmuşdur. Kitab fonduna 269 ədəd kitab, 82 ədəd jurnal daxil olmuşdur. Hesabat dövründə kitabxanaya 797 ədəd avtoreferat, 2 ədəd dissertasiya, 10 adda respublika qəzeti daxil olmuşdur. Üç yeni kartoteka yaradılmışdır, ədəbiyyatın təbliği məqsədilə 3 yeni kitab və 10 mövzuda sərgi təşkil olunmuşdur.
Məruzədən sonra Rəyasət Heyətinin üzvlərindən AMEA-nın müxbir üzvləri – kimya elmləri doktoru Əliəddin Abbasov, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, filologiya elmləri doktoru Fərman Xəlilov və AMEA-nın İctimai elmlər bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova çıxış edərək təqdim olunan hesabatı yüksək qiymətləndiriblər. Bölmənin fəaliyyəti ilə bağlı fikir və təkliflərini dinləyicilərlə bölüşüblər.
Sonda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev çoxillik səmərəli elmi-pedoqoji fəaliyyəti və 70 illik yubileyi münasibətilə AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif edilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl 2025-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə “İlin alimi” fəxri adına layiq görülüb və diplomla təltif olunublar.
Yığıncağa bölmənin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.