23 Noyabr 2026, Bazar Ertəsi

Tədbirlər

news-img

20.11.2026 14:48

line-img

“Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət müstəvisində elmin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət müstəvisində elmin inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıb. Akademik 1992-ci ilin oktyabrında 91 nəfər ziyalının ölkədəki ağır ictimai-siyasi vəziyyət fonunda Heydər Əliyevə müraciət ünvanladığını, Ulu Öndərin bu çağırışa müsbət cavab verdiyini və 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında yekdilliklə partiyanın sədri seçildiyini bildirib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqillik tariximizdə yeni bir dövrün başlanğıcını qoyaraq dövlətin gələcək inkişafının siyasi və ideoloji təməllərini möhkəmləndirib.

Vurğulanıb ki, ötən illər ərzində Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilib, aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin qlobal miqyasda nüfuzu daha da artıb.

 AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Elm və dövlətçilik: milli inkişafın strateji prioritetlərinin formalaşdırılmasında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda məruzəsində qeyd edib ki, müasir dövrdə ölkənin dayanıqlı tərəqqisi elmi potensialın düzgün yönləndirilməsindən asılıdır və Yeni Azərbaycan Partiyasının fəaliyyətində elmin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi əsas prioritet kimi götürülür. Zeynəb Quliyeva elm və dövlət birliyinin ölkənin müdafiə qüdrətinin artırılmasında və informasiya mübarizəsində mühüm rol oynadığını diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatı sədrinin müavini, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva  “Yeni Azərbaycan Partiyası və Azərbaycan qadınının ictimai-siyasi yüksəlişi”  mövzusunda çıxış edərək dövlət qadın siyasətinin ölkədə gender bərabərliyinin təmin olunmasına geniş imkanlar açdığını qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini Azərbaycan qadınının ali dövlət idarəçiliyində təmsilçiliyinin mühüm nümunəsi kimi dəyərləndirib.

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən siyasi, elmi, innovativ inkişafa doğru” mövzusunda məruzəsində 1990-cı illərin əvvəllərindəki mürəkkəb ictimai-siyasi şəraitdən danışıb və YAP-ın tarixi zərurətdən yarandığını qeyd edib. Asəf Orucov ölkə başçısının YAP-ın VIII Qurultayındakı çıxışına istinad edərək partiyanın Cənubi Qafqazın ən böyük və aparıcı siyasi qüvvəsi olduğunu, bu gün elmi-texniki tərəqqi və innovativ inkişaf  strategiyasının reallaşdırılmasında YAP fəallarının xüsusi rol oynadığını bildirib.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.