01 May 2026, Cümə

Tədbirlər

news-img

23.04.2026 13:00

line-img

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

     AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası baş tutub. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

     İclasda çıxış edən Əbülfəz Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd olunması ilə bağlı sərəncamın elmi və mədəni mühit üçün xüsusi önəm daşıdığını vurğulayıb.

     Direktor beynəlxalq elmi bazalarda, xüsusilə “Web of Science” və “Scopus” kimi indeksli jurnallarda nəşrin vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, konfranslara hazırlıq, elmi işçilərin fəaliyyətinin bal sistemi əsasında qiymətləndirilməsi və nizam-intizam məsələləri də müzakirə olunub.

     İclasda institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov şöbələrdə rüblük elmi-tədqiqat işlərinin icra vəziyyəti haqqında məlumat verib. Təcrübə rəhbərləri isə tələbələrlə işin təşkili məsələlərinə toxunublar.

     İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının növbəti sayına hazırlıq işləri barədə danışıb. O, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun müəllifi olduğu “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı kitabın, eləcə də institut əməkdaşlarının bir neçə məqaləsinin çapa tövsiyə edildiyini bildirib.

     İclasın davamında elmi seminar keçirilib. Folklorşünaslıq şöbəsinin əməkdaşı Aytəkin Zeynalova “Postmodern ədəbiyyatda folklor izləri – Kamal Abdulla hekayələri əsasında” mövzusunda məruzə edib. O qeyd edib ki, postmodern ədəbiyyatda hekayə janrı çoxqatlı semantik struktura malik olub, müxtəlif zaman və məkanları sıx şəkildə əlaqələndirir və geniş interpretasiya imkanları yaradır.

     Bildirilib ki, Kamal Abdulla yaradıcılığında bu janr folklor yaddaşı ilə müasir bədii təfəkkürün sintezini əks etdirən xüsusi poetik model kimi çıxış edir.