Tədbirlər
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası baş tutub. İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Akademik qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsində iyun ayında “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur və hazırda bu istiqamətdə hazırlıq işləri davam etdirilir. Bununla yanaşı, o, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 120 illiyinə həsr olunmuş respublika elmi konfransının təşkili məsələsinə də toxunub.
Daha sonra Rəyasət Heyəti Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, eləcə də Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutlarına yeni əməkdaşların işə qəbulu məsələsini müzakirə edib.
Qərara əsasən, Samirə Salahova AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının müdiri təyin olunub.
Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Bölmədə çalışan elmi işçilərin fəaliyyətinin yeni bal sistemi əsasında qiymətləndirilməsi mexanizmi haqqında danışıb.
İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri Filurə Sadıqova çıxış edərək bölmədə həyata keçirilən kadr dəyişikliyi barədə məlumat verib.
Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov cari məsələlər haqqında məlumat verib.