25 May 2026, Bazar Ertəsi

Tədbirlər

news-img

07.05.2026 15:15

line-img

AMEA Naxçıvan Bölməsi və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.

     AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müstəqil Azərbaycanın memarı və qurucusudur. Qeyd olunub ki, Heydər Əliyev həyatının bütün mərhələlərində xalqına və dövlətinə sədaqətlə xidmət edib, ölkəmizin inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Akademik İsmayıl Hacıyev Ulu Öndərin zəngin siyasi fəaliyyəti, uzaqgörənliyi, yüksək idarəçilik bacarığı və liderlik keyfiyyətlərindən ətraflı bəhs edərək vurğulayıb ki, onun müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

     İsmayıl Hacıyev çıxışında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən də danışıb. Bildirilib ki, bu sərəncam ölkəmizdə şəhərsalma siyasətinin daha da inkişaf etdirilməsi, memarlıq ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

     Sonra YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan dövlətinin inkişafına və xalqının rifahına həsr edib. Onun təhsil illəri və sonrakı siyasi fəaliyyəti barədə məlumat verən məruzəçi bildirib ki, Ulu Öndər Azərbaycanda milli ruhun, milli təfəkkürün və azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm töhfələr verib. Elman Cəfərli Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən quruculuq işlərindən, şəhərsalma sahəsində görülən mühüm işlərdən danışaraq bu siyasətin ölkənin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

     AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının sədri, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Heydər Əliyev və Azərbaycanda tarixi-mədəni irsin qorunması məsələsi” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətində tarixi-mədəni irsin qorunması xüsusi yer tutub. Bildirilib ki, milli-mədəni irsin qorunması milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zeynəb Quliyeva Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən bəhs edərək memarlıq abidələrinin bərpası və konservasiyası istiqamətində görülən işlərin vacibliyini qeyd edib. Həmçinin tarixi-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

     AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatı sədrinin müavini, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Heydər Əliyev və Azərbaycan dilinin saflığının qorunması məsələsi” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Azərbaycan dilinin saflığının qorunması məsələsi Ulu Öndərin daim diqqət mərkəzində olub. Nuray Əliyeva bildirib ki, Heydər Əliyev Azərbaycan alimlərini dilçilik sahəsində tədqiqatlara təşviq edib, ana dilinin inkişafı və qorunmasını mühüm vəzifə kimi qarşıya qoyub. Məruzəçi Ulu Öndərin 1997-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı fərmanın milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

     AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, AMEA Naxçıvan Bölməsi üzrə YAP ərazi partiya təşkilatının idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın xarici siyasət strategiyasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xəttin mühüm rol oynadığı qeyd olunub. Asəf Orucov “Əsrin müqaviləsi”nin ölkənin iqtisadi və siyasi inkişafındakı əhəmiyyətindən ətraflı danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq reallığa çevrilib.