23 Noyabr 2026, Bazar Ertəsi

Konfranslar

news-img

06.11.2026 14:31

line-img

AMEA Naxçıvan Bölməsində Zəfər və Dövlət Bayrağı Günləri qeyd edilib

AMEA Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş elmi konfrans keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb. Akademik bildirib ki, 1980-ci illərin sonlarında yaranmış mürəkkəb siyasi şəraitdən istifadə edən Ermənistan Qarabağı və onun ətrafındakı rayonları işğal etmişdi. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin icra olunmaması və ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi səbəbindən torpaqlarımız 28 ildən artıq bir dövrdə işğal altında qaldı.

Qeyd olunub ki, sonrakı dövrlərdə yaranan hərbi-siyasi şərait, Aprel döyüşləri və digər proseslər müharibəni qaçılmaz edib. Dövlət başçısının qətiyyəti, xalqın birliyi və Ordunun rəşadəti hesabına 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibə böyük Qələbə ilə başa çatıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam təmin edilib.

Vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı uğurla icra edilir, şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Hazırda iki ölkə arasında davam edən sülh prosesinin ən mühüm bəndlərindən biri olan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz əlaqənin yaradılması istiqamətində görülən işlər davam etdirilir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın tarixi zəfərə aparan hərbi-siyasi və diplomatik yolu” mövzusunda məruzə edib. Məruzəçi otuz il davam edən işğalçılıq siyasətinin mahiyyəti, beynəlxalq təşkilatların ikili standartları və Azərbaycanın ardıcıl diplomatik mübarizəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğalı və Xocalı soyqırımı xalqımızın üzləşdiyi böyük faciələr idi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə atəşkəsin əldə edilməsi, uzun illər aparılan uğurlu diplomatik siyasət, informasiya mübarizəsi, beynəlxalq hüquq müstəvisində qazanılan üstünlüklər və Ordu quruculuğu sahəsində atılan məqsədyönlü addımlar Vətən müharibəsində Qələbənin qazanılmasını şərtləndirib. Çıxışda Şanlı Vətən müharibəsi tarixinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçiləri Əli Tağıyev və Kubra Əliyeva “Zəfərin qazanılmasında xalq-ordu birliyinin rolu” və “Milli atributlarımızdan biri: üçrəngli Azərbaycan bayrağı” mövzularında çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi dövründə nümayiş olunan sarsılmaz lider-xalq-ordu birliyi Zəfərin başlıca təminatçısı olub. Xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, öz Liderinə və Ordusuna sonsuz inamı, eləcə də vətənpərvərlik ruhu tarixə qızıl hərflərlə yazılan əbədi Qələbənin əsasını qoyub.

Həmçinin qeyd olunub ki, milli kimliyimizin, müstəqilliyimizin və suverenliyimizin ali rəmzi olan dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib, sonra yenidən milli şüurun oyanışı ilə müstəqilliyimizin simvoluna çevrilib və bu gün isə azad olunmuş bütün torpaqlarımızda əzəmətlə dalğalanır.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.