Konfranslar
“Azərbaycanın görkəmli siyasi və dövlət xadimi” mövzusunda elmi konfrans keçirilib
Sentyabrın 29-da AMEA Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan “Azərbaycanın görkəmli siyasi və dövlət xadimi” mövzusunda elmi konfrans təşkil edilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası milli dövlətçilik tariximizə və onun qurucularına həmişə yüksək ehtiram nümayiş etdirir. Prezident İlham Əliyevin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamı bu istiqamətdə atılan mühüm və əhəmiyyətli addımlardan biridir. Akademik çıxışında Fətəli xan Xoyskinin XX əsrin əvvəllərində milli azadlıq hərəkatındakı misilsiz xidmətlərindən, Rusiya İmperiyasının Dövlət Dumasındakı fəaliyyətindən, eləcə də ədliyyə, daxili və xarici işlər naziri kimi həyata keçirdiyi mühüm islahatlardan danışıb, görkəmli dövlət xadiminin müstəqillik və tərəqqi ideyalarının bu gün də yaşadıldığını bildirib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Görkəmli siyasi və dövlət xadimi: Fətəli xan Xoyski” adlı məruzəsində Fətəli xan Xoyskinin həyat yolu, İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri olması, Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 2-ci və 3-cü hökumət kabinələrinə rəhbərlik etməsi haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, 1875-ci il noyabrın 25-də Şəki şəhərində anadan olan Fətəli xan Xoyski həyatının müxtəlif mərhələlərində ədliyyə və məhkəmə sistemlərində uğurla çalışıb. Vurğulanıb ki, Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması istiqamətində atılan ilk diplomatik addımlarda, xüsusilə Paris Sülh Konfransına nümayəndə heyətinin göndərilməsində və xarici dövlətlərlə əlaqələrin qurulmasında böyük xidmətləri vardır.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.