Konfranslar
“Lətif Kərimov-120” mövzusunda elmi konfrans keçirilib
Sentyabrın 24-də AMEA Naxçıvan Bölməsində tanınmış xalçaşünas alim, xalçaçı-rəssam və tədqiqatçı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Lətif Kərimov-120” mövzusunda elmi konfrans təşkil olunub.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dahi sənətkarın Azərbaycan xalça sənətinin inkişafı, elmi əsaslarının yaradılması və dünyada təbliği istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Akademik Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın görkəmli xalçaşünas alimin zəngin irsinə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürü olduğunu və onun irsini yenidən tədqiq olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin kiçik elmi işçisi Şəmsiyyə Zalova “Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi” adlı məruzəsində sənətkarın həyat və sənət yolu haqqında danışaraq bildirib ki, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Hüseyn Cavid və Əcəmi Naxçıvani kimi dahi şəxsiyyətlərin portret xalçalarının müəllifi Lətif Kərimov eyni zamanda dünyada ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaradıcısıdır. Qeyd edilib ki, xalça sənətinin təkcə praktiki deyil, həm də elmi əsaslarla öyrənilməsini təmin edən rəssamın elmi irsinin ən mühüm nümunələri xalça növlərinin və ornamentlərinin sistemləşdirilməsinə xidmət edən “Azərbaycan xalçalarında ornament” kitabı və üçcildli “Azərbaycan xalçası” monoqrafiyasıdır.
Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Bağırova “Azərbaycan xalçasının memarı” başlıqlı məruzəsində Lətif Kərimovun Azərbaycan xalça sənətindəki müstəsna rolundan danışaraq qeyd edib ki, böyük xalçaçı- rəssam uzun illər indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub. Lətif Kərimovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə SSRİ Dövlət mükafatına, Əməkdar incəsənət xadimi və Xalq rəssamı fəxri adına layiq görülüb. Milli xalça mədəniyyətimiz tarixində özündən sonra dərin iz buraxmış ustad sənətkarın irsi bu gün də yaşadılır və qorunub saxlanılır.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Firudin Rzayev “Lətif Kərimov və Azərbaycan xalçalarında qədim türk mifləri” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalça sənətinin elmi-nəzəri əsaslarını yaradan Lətif Kərimovun yaradıcılığı xalqımızın qədim köklərini, o cümlədən ümumtürk mifologiyasını və dünyagörüşünü öyrənmək üçün əsasdır. Qeyd olunub ki, Lətif Kərimovun xalçalarındakı Günəş, quş təsvirləri, səma cisimləri və digər naxışlar qədim türk inancları ilə sıx bağlıdır.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Əbülfəz Quliyev xalçaçılıq sənətinin milli-mənəvi dəyərlərimizin qorunmasındakı əhəmiyyətini diqqətə çatdırıb və Lətif Kərimovun bu sahədəki xidmətlərinin əvəzedilməz olduğunu qeyd edib.
Sonda Mədəniyyət televiziyasının görkəmli xalçaşünas alimin yaradıcılığına həsr etdiyi videoçarx nümayiş etdirilib.