23 Noyabr 2026, Bazar Ertəsi

Uğurlarımız

news-img

20.11.2026 17:04

line-img

AMEA Naxçıvan Bölməsinin aparıcı mütəxəssisi Səadət Məmmədova onlayn təlim proqramını uğurla başa vurub

AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova Oksford Universitetinin Səid Biznes Məktəbi (Saïd Business School) və UNESCO tərəfindən birgə hazırlanmış “AI and Digital Transformation in Government” (“Dövlət idarəçiliyində süni intellekt və rəqəmsal transformasiya”) adlı onlayn təlim proqramını uğurla başa vurub.

Altı tədris modulundan ibarət proqram dövlət sektorunda süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya proseslərinin idarə olunması və bu sahədə peşəkar bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.

Təlim çərçivəsində məlumatların idarə edilməsi, süni intellektdən etibarlı və məsuliyyətli istifadə, alqoritmik qərəz və ayrı-seçkilik riskləri, süni intellektin tətbiqinin etik və hüquqi aspektləri, insan hüquqlarının qorunması, avtomatlaşdırılmış qərarvermədə şəffaflıq və insan nəzarətinin təmin edilməsi məsələləri nəzərdən keçirilib. Həmçinin istifadəçi ehtiyaclarına əsaslanan rəqəmsal dövlət xidmətlərinin layihələndirilməsi, qurumlararası əməkdaşlıq və rəqəmsal transformasiya proseslərində liderlik mövzularına diqqət yetirilib.

Proqramın əhatə etdiyi mövzular Azərbaycanda süni intellektin inkişafı, rəqəmsal idarəetmənin təkmilləşdirilməsi və ixtisaslı kadr potensialının gücləndirilməsi üzrə müəyyən edilmiş prioritet istiqamətlərlə məzmun baxımından əlaqəlidir.

Beynəlxalq təcrübə nümunələri və praktiki tapşırıqları əhatə edən təlim proqramını uğurla tamamlayan Səadət Məmmədova hər iki qurumun birgə sertifikatını əldə edib.