Uğurlarımız
Elmi məqalə beynəlxalq jurnalda dərc edilib
Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin əməkdaşları, professor Vəli Baxşəliyev və Elmar Baxşəliyevin həmmüəllifliyi ilə hazırlanan növbəti fundamental elmi məqalə Rusiya Elmlər Akademiyasının nəşr etdiyi “Российская археология” jurnalında dərc olunub.
“Cənubi Qafqazda Eneolit dövrünün maddi mədəniyyətinə dair yeni məlumatlar” adlanan məqalədə Naxçıvanda, Babək rayonunun Göynük kəndi yaxınlığında, dəniz səviyyəsindən 1430 metr hündürlükdə yerləşən Bülövqaya yaşayış yerində aparılan son arxeoloji tədqiqatların nəticələri öz əksini tapıb.
Qazıntılar zamanı Cənubi Qafqazın Yaxın Şərq və Mesopotamiya ilə intensiv əlaqələrini sübut edən çoxlu sayda keramika məmulatı, xüsusilə boyalı dulusçuluq nümunələri aşkar edilib.Tədqiqat göstərir ki, Bülövqayada, Naxçıvan ərazisində və Urmiya gölü hövzəsində yayılmış Dalma Təpə mədəniyyətindən fərqlənən, lakin Mesopotamiyanın Ubeyd mədəniyyətinin güclü təsirinə məruz qalmış özünəməxsus yerli mədəniyyət mövcud olub. Bölgənin zəngin obsidian yataqları, bol su və otlaq sahələri Yaxın Şərqin qədim mədəni ənənələrinin bu regiona intensiv şəkildə nüfuz etməsini şərtləndirən əsas amillərdən olub.
Qeyd edək ki, məqalənin nəşr edildiyi “Российская археология” jurnalı arxeologiya sahəsində dünyanın ən nüfuzlu elmi nəşrlərindən biridir. Jurnal Web of Science, Scopus və RSCI (Russian Science Citation Index) kimi beynəlxalq elmi bazalarda indekslənir. "Scimago Journal & Country Rank" göstəricilərinə əsasən, nəşr arxeologiya sahəsi üzrə ən yüksək — Q1 (Best Quartile) kateqoriyasına malikdir.
Bu mühüm nəşr Naxçıvanın qədim tarixinin və zəngin arxeoloji irsinin beynəlxalq elmi ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.