20 Sentyabr 2026, Bazar

Tədbirlər

news-img

02.09.2026 11:14

line-img

AMEA Naxçıvan Bölməsinin əməkdaşı VIII Türk Dövlətləri Ənənəvi Yay Məktəbində iştirak edib

AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova Türkiyənin Konya şəhərində keçirilən VIII Türk Dövlətləri Ənənəvi Yay Məktəbinin “Süni intellekt və enerji” proqramında iştirak edib.
23–30 avqust 2026-cı il tarixlərini əhatə edən yay məktəbi Türkiyə Elmlər Akademiyası (TÜBA), Beynəlxalq Türk Akademiyası (Turkic Academy), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin (YTB) əməkdaşlığı, Selçuk Universitetinin ev sahibliyi ilə təşkil olunub. Proqram 11 ölkədən 77 gənc tədqiqatçını bir araya gətirib.
VIII Türk Dövlətləri Ənənəvi Yay Məktəbi “Türkologiya, incəsənət və mədəniyyət tarixi” və “Süni intellekt və enerji” olmaqla iki istiqamət üzrə keçirilib. Səadət Məmmədovanın iştirak etdiyi proqramda süni intellekt, maşın öyrənməsi, dərin öyrənmə, rəqəmsal əkizlər, Əşyaların İnterneti və ağıllı şəhərlər, eləcə də bu texnologiyaların enerji sistemlərində tətbiqi ilə bağlı müasir yanaşmalar müzakirə olunub. Proqram çərçivəsində enerji texnologiyaları, davamlılıq və texnoloji transformasiya məsələlərinə də yer verilib.
Akademik təqdimat və müzakirələr zamanı iştirakçılar müxtəlif ölkələrdən olan gənc tədqiqatçılar və sahə üzrə mütəxəssis alimlərlə elmi fikir və təcrübə mübadiləsi aparıb, mümkün birgə tədqiqat istiqamətləri və gələcək akademik əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi ediblər. Yay məktəbinin məqsədləri sırasında iştirakçıların akademik bilik və bacarıqlarının inkişafı ilə yanaşı, beynəlxalq əməkdaşlıq şəbəkələrinin qurulması da yer alıb.
Yay məktəbinin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.