Uğurlarımız
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının məqalələri nüfuzlu topluda nəşr edilib
Belçikanın “Brepols Publishers” akademik nəşriyyatı tərəfindən Qafqaz və ətraf regionların arxeologiyasına və tarixinə həsr olunmuş “ARAXES V” toplusu (Urartu and Beyond: Improvement and Interactions in the Iron Age Highlands) çapdan çıxıb. 2026-cı ildə ingilis dilində nəşr edilən Urartu and Beyond: Improvement and Interactions in the Iron Age Highlands ikicildliyi ARAXES seriyasının 5-ci cildidir.
Nəşrdə AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elmar Baxşəliyevin — "The Settlements of the Middle Iron Age in Nakhchivan", eləcə də professor Vəli Baxşəliyev, Pensilvaniya Universitetinin professoru Lauren Ristvet və həmin universitetin Antropologiya departamentinin tədqiqatçısı Robert Brayanın —"Fortress Politics from the Bottom Up? Rethinking Settlement in the Early Iron Age Caucasus" adlı elmi tədqiqat məqalələri işıq üzü görüb.
Məqalələrdə Urartu dövlətinin Cənubi Qafqazdakı işğalçı siyasətinə qarşı regional müqavimət faktları əksini tapıb. Məqalələrdə qeyd olunur ki, Urartu çarlarının təbii resursları ələ keçirmək cəhdlərinə baxmayaraq, yerli Etiuni tayfaları (Göyçə ətrafı), Kulxa və Quriania (Gürcüstan) sakinləri və İskitlər güclü ittifaq yaradaraq düşmənə müqavimət göstərmişlər. Bu müqavimətdə Şərur vadisində yerləşən Oğlanqala şəhərinin və Sədərək tayfalarının xüsusi rolu vurğulanır. İlanlıdağ yazısı və Ağsal qayaüstü işarələri Urartu yürüşlərini təsdiqləsə də, urartuluların Naxçıvana yürüşləri yalnız onların hakimiyyətinin ilk illərində təşkil edilmiş, daha sonra isə yerli xalqların müqaviməti sonrakı yürüşlərin qarşısını almışdır. Naxçıvanda Urartu qalalarının olmaması isə bunu bir daha təsdiq edir.
Bu məqalələrlə aşağıdakı linkdə tanış olmaq olar: