23 Noyabr 2026, Bazar Ertəsi

Uğurlarımız

news-img

13.11.2026 14:45

line-img

AMEA Naxçıvan Bölməsi Aparatının aparıcı mütəxəssisi Səadət Məmmədova yaradıcılıq müsabiqəsində II yerə layiq görülüb

AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova “Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsində ikinci yerə layiq görülüb.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə gənclərin yaradıcı potensialının üzə çıxarılması, süni intellektdən istifadənin təşviqi və Naxçıvanın gələcək memarlıq simasına dair innovativ ideyaların təqdim edilməsi məqsədi daşıyıb. Səadət Məmmədova müsabiqəyə Naxçıvanın təbiətini, tarixi irsini və insanını gələcəyin memarlıq mühitində təsəvvür edən “Duzun İşığı — Naxçıvan 2050” və “On Həyət — Naxçıvançay 2050” adlı iki əsər təqdim edib. 

İkinci yerə layiq görülən “Duzun İşığı — Naxçıvan 2050” əsərində Naxçıvanın qədim duz irsi və təbii landşaftından ilhamlanan memarlıq konsepsiyası əks olunub. Süni intellekt vasitəsilə yaradılan əsərdə qayalıq relyeflə uzlaşan çoxsəviyyəli məkanlar, açıq terraslar və tikilinin mərkəzinə süzülən günəş işığı vahid kompozisiyada birləşdirilib.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə qaliblərə diplom və hədiyyələr təqdim edilib. Mükafatlandırmadan sonra təşkil olunan sərgidə iştirakçılar əsərlərinin ideyaları barədə məlumat veriblər. Səadət Məmmədova çıxışında hər iki əsərin əsasında dayanan düşüncəni açıqlayaraq gələcəyi təsəvvür edərkən milli-mədəni kimliyin qorunmasına xüsusi önəm verdiyini bildirib. O, “özümüzə dönüş” anlayışı ilə keçmişə qayıtmağı deyil, tarixi yaddaşımızı və dəyərlərimizi qoruyaraq inkişaf etməyi nəzərdə tutduğunu vurğulayıb. Bu yanaşmanı bir əsərində Naxçıvanın təbiəti və duz irsi, digərində isə insanları və onların yaşayış mühiti üzərindən ifadə etdiyini qeyd edib.