Uğurlarımız
İnstitut əməkdaşları konfransda iştirakına görə sertifikatla təltif ediliblər
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov, institut əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova, Natavan İbrahimova, Brilyant Cəfərli, Fatma Şahbazova, Cəmilə Məhərrəmova dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya Nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak edib.
“Nizami Gəncəvinin məsnəvisinin Osmanlı türkcəsinə ilk tərcüməsi: Şeyxinin “Xosrov və Şirin” əsəri” mövzusunda çıxış edən professor Əbülfəz Quliyev qeyd edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında Osmanlı türk ədəbiyyatında meydan çıxan ilk əsər XIV-XV əsrlərdə yaşamış Şeyxinin “Xosrov və Şirin” məsnəvisidir. O, bu məsnəvini Osmanlı sultanı II Murada həsr edib. Təzkirəçi Lətifinin fikrincə, bu əsər türk dilində yazılan “Xosrov və Şirin”lərin ən gözəlidir. Şeyxi Nizami poemasını yaradıcı şəkildə, özündən əlavələr edərək çevirdiyinə görə bu əsər orijinal təsir bağışlayır.
Filologiya elmləri doktoru Ramiz Qasımov "Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasında humanist ideyalar" mövzusunda məruzə edib. Tədqiqatda Nizami Gəncəvi yaradıcılığında humanist ideyaların tədqiq və təhlil edilməsi, tarixi epoxa üçün müqayisəyə cəlb edilməsi, müasirliyinin müəyyənləşdirilməsi özünün elmi aktuallığı ilə əhəmiyyət qazanır.
Dosent Aygün Orucova "M.S.Ordubadinin İlyas-Nizami obrazı haqqında ədəbi-tənqidi mülahizələr" mövzusu ilə konfransda iştirak edib.
İnstitut əməkdaşları konfransda iştirakına görə sertifikatla təltif ediliblər.