AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən yaradılmışdır. 2003-cü ilin əvvəllərində bu institut ikisi elmlər namizədi olmaqla 4 elmi işçi ilə fəaliyyətə başlamışdır. Hazırda yeddi elmi şöbənin fəaliyyət göstərdiyi institutda 1 nəfər AMЕA-nın müхbir üzvü və 10-u dosent olmaqla 4 elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru çalışır. Ümumilikdə 21 əməkdaş еlmi tədqiqatla məşğuldur. Bu institutda bölgənin ədəbi və folklor mühitinin, onomastik mənzərəsinin, dialekt və şivələrinin, teatr və musiqi həyatının, incəsənət aləminin öyrənilməsi əsas istiqamətlər kimi qarşıya məqsəd qoyulmuşdur.
İnstitut əməkdaşları Naxçıvan folklorunun toplanması, öyrənilməsi, Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrinin tərcümеyi-halının, həyat və bədii irsinin araşdırılması sahəsində məhsuldar tədqiqatlar aparırlar. Muxtar respublika ərazisində mövcud olan onomastik vahidlərin tədqiqi, ilkin dialektoloji mətnlərin sistemləşdirilməsi, linqvistik və kameral təhlillərin aparılması, tərtibi, çapa hazırlanması, dialekt materiallarının akademik səviyyədə toplanması üçün bölmə əməkdaşlarının rayon və kəndlərə ekspedisiyaları təşkil olunur. Həmçinin muxtar respublika ərazisindəki memarlıq abidələrinin yaxından və ətraflı öyrənilməsi sahəsində görülmüş işlər tədqiqata cəlb olunmuş, Naxçıvanda musiqi və teatrın öyrənilməsi, XX əsrin əvvəllərində muxtar respublikada fəaliyyət göstərən rəssamların həyat və yaradıcılığının öyrənilməsi, yaşadılması, qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə muzey, arxiv və şəxsi kolleksiyalarda qorunan materialların toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılır.
Son dövrlərdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Türkiyə Respublikasındakı Türk Dil Qurumu və Şimali Makedoniya Respublikasındakı “Vizion” Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.